2020-ci ildə Qarabağ döyüşlərində yaralanıb əlil olmuş Elməddin Əhmədov Suraxanı rayonunun Bahar qəsəbəsində kirayə yaşayır. Bir neçə ildir ev növbəsində olan E.Əhmədov mənzil probleminin həllindən ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə gedib. Elə orada yaşananlar da Qarabağ əlilinin cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasıyla nəticələnib.
E.Əhmədovun 23 yaşı var. O, Astara rayonundandır və həmin rayon icra hakimiyyəti başçısının sərəncamıyla imtiyazlı şəxslərin növbəlilik siyahısına salınıb. Sonradan Bakıda qeydiyyatda olduğu ünvan üzrə Xətai rayon İcra Hakimiyyətində mənzil növbəsinə alındığından adı Vətən müharibəsi əlillərinin güzəştli siyahısına keçirilib.
Dolanışıqda çətinlik çəkdiyini, kirayəpulunu ödəyə bilmədiyini deyən E.Əhmədov evlə təmin olunma məsələsinin tezləşdirilməsindən ötrü bir neçə dəfə Sosial Xidmətlər Agentliyinə üz tutub. Qalmaqal elə onun sonuncu gəlişində yaşanıb.
İddia olunur ki, E.Əhmədov əlindəki su şüşəsiylə pəncərəni sındırıb, Sosial Xidmətlər Agentliyi sədrinin müavini Zaur İsmayılova yumruq atıb.
Əlil olay günü yaşananları xatırlamadığını deyir
2023-cü il aprelin 2-də yaşanan bu olaydan sonra Qarabağ əlili tutulub, iki gün polis idarəsində saxlansa da, sonradan həbs edilməyib. Onun həm istintaq, həm də məhkəmə dövründə azadlıqda qalmasına qərar verilib. Barəsində də başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə suçlanan E.Əhmədov özünü təqsirli bilmir. Döyüşlərdə iki dəfə yaralandığını, kəllə-beyin travması aldığını, Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasında müalicə aldığını deyən E.Əhmədov danışır ki, probleminin həllindən ötrü dəfələrlə dövlət qurumlarına üz tutub. Onun sözlərinə görə, Sosial Xidmətlər Agentliyindəki səlahiyyətli şəxslərin nəzərinə çatdırıb ki, ayrıseçkiliyə məruz qalır, başqalarına ev verilir, ona yox.
Z.İsmayılovu niyə vurmasına gəlincə, təqsirləndirilən şəxs deyib ki, olay günü yaşananları xatırlamır.
Zərərçəkmiş qismində tanınan sədr müavini Z.İsmayılov bildirib ki, həmin gün E.Əhmədovun adı qəbula yazılmış vətəndaşların siyahısında olmayıb. Ancaq gəlib səs-küy saldığına görə adı siyahıda olanlardan sonra onu da qəbul etmək qərarına gəlib: "Otağa daxil olan kimi dedi ki, mənzil növbəsindədir, dərhal evlə təmin olunmasını tələb etdi".
Z.İsmayılov deyir ki, ona hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında bir- və ya ikiotaqlı mənzillər olmadığını, olsa belə, növbədə ondan əvvəl başqa şəxslərin olduğunu bildirib. E.Əhmədov bu izahı qəbul etməyib və, onun iddiasına görə, qəfildən sifətindən yumruqla vurub. Bu zaman ətrafdakı polislər onu otaqdan çıxarıb, ardınca da götürərək Nərimanov rayonundakı 17-ci polis bölməsinə aparıblar.
III qrup Qarabağ əlili olan E.Əhmədov bugünlərdə Nərimanov rayon Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiqetmə) maddəsiylə təqsirli bilinib. Ona 2 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib. E.Əhmədov 2 il boyunca elektron qolbaqla gəzməli, icazəsiz Bakıdan kənara getməməli, gecə saat 10-dan səhər saat 7-dək yaşadığı evdən çıxmamalıdır.