Keçid linkləri

2025, 05 Yanvar, bazar, Bakı vaxtı 06:12

Yeni ilin ilk qiymət artımı. 'İlham Əliyev gah Qərbi tənqid edəcək, gah Rusiyanı, İranı'


'Borc yükü əhaliyə yüklənir' - Tarif Şurası yenə qiymətləri qaldırdı
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00

'Borc yükü əhaliyə yüklənir' - Tarif Şurası yenə qiymətləri qaldırdı

Bu həftə qaz, işıq qiymətlərinin artmasından, ötən ilin son günlərində 38 nəfərin həlak olduğu təyyarə qəzasından sonra Azərbaycan-Rusiya münasibətlərindən, İranla növbəti diplomatik gərginlikdən danışırıq.

İlin qeyri-iş günü sayılan ikinci təqvim günü - yanvarın 2-də Tarif Şurası bir sıra sahələrdə - qaz, elektrik, istilik təchizatında qiymətləri qaldırdı. Tarif Şurası qazın bahalaşmasını mövcud ölkədaxili orta tarifin maya dəyərindən aşağı olması izah edib. İqtisadçılar isə qiymət artımını həmin qurumlardakı böhranla bağlayır, artımın davam edəcəyini proqnozlaşdırırlar.

İlin ilk təqvim günü isə Azərbaycan Xarici İşlər Nazirliyi İrana sərt etiraz bildirdi. Buna Ərdəbildə İran Ali dini rəhbərinin təmsilçisi Seyid Həsən Amelinin qatıldığı tədbirdə Azərbaycana və onun dövlət başçısına qarşı səsləndirilən "təhqiramiz" ifadələr əsas gətirildi. Sonradan İran xarici işlər nazirinin köməkçisi dedi ki, Amelinin dedikləri İran hökumətinin mövqeyini əks etdirmir.

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına (AzTV) müsahibəsi.
Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına (AzTV) müsahibəsi.

Kəskin ritorikanın pərdəarxası

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan AZAL təyyarəsi Aktauda qəza enişi etdi, təyyarədəki 67 nəfərdən 38-i həlak oldu. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına (AzTV) müsahibəsində Rusiyanı qəzanın səbəblərini ört-basdır etməkdə suçladı. Dövlət başçısı dedi ki, Rusiya təyyarəni təsadüfən vurub, terror aktı deyil. Ancaq quş sürüsü ilə toqquşma, qaz balonunun partlaması kimi versiyalar da "ağılsızlıq və vicdansızlıqdır". O, Rusiyaya bir sıra tələblər irəli sürüldüyünü vurğuladı. Sosial şəbəkələrdə prezidentin diplomatiyanın imkan verdiyi ən sərt ritorikadan istifadə etdiyini yazanlar oldu.

Bu açıqlamalardan təxminən bir həftə əvvəl isə prezident Rusiya mediasına müsahibəsində iki ölkəni "etibarlı tərəfdaşlar" adlandırmışdı. Bəzi müşahidəçilər son təyyarə qəzasını Azərbaycanın Rusiya ilə münasibətlərinə zərbə sayır, digərləri isə iddia edirlər ki, İ.Əliyevin niyyəti Qərbə Moskvanı tənqid etmək gücündə olduğunu göstərmək olub.

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu təyyarə olayının Azərbaycan-Rusiya münasibətlərini pozacaq zərbə saymır, çünki təhlilçinin fikrincə, iki ölkə arasında siyasi və iqtisadi sahələrdə geniş formatda əməkdaşlıq mövcuddur. Prezidentin kəskin ritorikasına gəlincə, Ə.Oruclu deyir ki, İ.Əliyev cəmiyyətdəki reaksiyaya ehtiyatla yanaşır; 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin iyununda Tovuz hadisələrinə reaksiya buna örnək sayıla bilər. Digər amil isə Rusiyanın təyyarə məsələsində öz iştirakını açıq inkar etməsi idi: "Putin kənara çəkilərək Ramzan Kadırovu irəli verdi. Yəni, bu məsələni Rusiyanın hansısa əyalətinin rəhbəri ilə müzakirə edə bilərsən. Təbii ki, bu, İlham Əliyevə toxundu və cəmiyyətin də buna kəskin reaksiya verəcəyini bildi. Moskva da mövqeyinə tez korrektə etdi və boynuna aldı ki, təyyarə vurulub". (Rusiya prezidenti Vladimir Putinin üzrxahlıq zəngindən öncə Çeçenistanın avtoritar liderinin Azərbaycana maddi yardım təklif etməsi xəbəri yayıldı - red.)

Ərəstun Oruclu
Ərəstun Oruclu

İranla Rusiya yaxınlaşır, Türkiyənin nüfuzu artır

Rəsmi Bakının Moskva və Tehranla diplomatik gərginlik yaşadığı, yaxud bunun görüntüsünü yaratdığı bir vaxtda - yanvarın 17-də İranla Rusiya arasında strateji əməkdaşlıq haqqında müqavilənin imzalanması gözlənilir. Ötən ilin dekabrında Suriyada Bəşər Əsəd rejiminin çöküşü isə Rusiyanın regionda mövqelərini getdikcə itirəcəyi, Türkiyənin nüfuzunun artacağı fikirlərinə yol açdı. Londonda yaşayan təhlilçi Mark Qaleotti "The Times" qəzetində yazıb ki, Azərbaycan həm Rusiyanın, həm də Türkiyənin müttəfiqidir: "Putin də Türkiyənin ona bazalarını Suriyada saxlamaqda kömək edəcəyinə ümid bəsləyir".

Təhlilçi Ə.Oruclu mövcud şərtlərin Azərbaycana çox geniş manevr imkanları yaratdığını söyləyir: "İndi Azərbaycan üçün geniş fürsətlər açılır, İlham Əliyev belə situasiyaları sevir. Bu ona əlavə dividendlər gətirir. İlham Əliyev gah Qərbi tənqid edəcək, gah Rusiyanı, gah İranı. Zaman-zaman sözçüləri vasitəsilə Türkiyəni də tənqid edə bilər. Səbəb Cənubi Qafqaz uğrunda mübarizənin ön plana keçməsidir".

Prezident Əliyev ilsonu çıxışında yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı "diskriminasiya və ayrıseçkilik, şər, böhtan" siyasətinə son qoyulacağına ümidini bildirib. Müşahidəçilər bu gözləntini ABŞ-da Donald Trampın yanvarın sonu hakimiyyətə qayıdışı ilə əlaqələndirirlər. Axı, Əliyev daha öncə də Trampla "ənənəvi dəyərlərlə bir qayıqda" olduğunu dilə gətirmişdi.

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ə.Oruclu prezidentin çıxışında konkret ölkəni ittiham etməməsinə diqqət çəkir: "İlham Əliyev Yeni il müraciətində, ənənəsinə zidd olaraq, faktiki heç bir tərəfin ünvanına kəskin tənqid səsləndirmədi. Ermənistanın silahlandırılması haqda danışanda belə ölkələrin adlarını çəkmədi. Əvvəl bunu məmnuniyyətlə edir, Fransanın, ABŞ-ın adlarını çəkirdi".

"AbzasMedia"
"AbzasMedia"

Əfv olmadı

Ötən il rəsmi Bakının Qərblə münasibətlərində gərginliklə yadda qaldı. BMT-nin iqlim konfransı - COP29-dan sonra ölkədə insan haqları sahəsində irəliləyiş gözləyənlərin ümidləri doğrulmadı. Hazırda ölkədə azı 300 siyasi məhbusun olduğu bildirilir, rəsmilər isə heç kəsin siyasi motivlərlə təqib olunmadığını deyirlər. Beynəlxalq insan haqları qurumları, Bakıdakı diplomatik korpus israrla hökuməti haqsız tutulanları azad etməyə çağırsa da, sağlıq problemləri olanlar belə ev dustaqlığına buraxılmadı. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əfv də olmadı. Tam tərsi, ötən ilin son iş günləri "Toplum TV işi" üzrə saxlananlar barəsində həbs-qətimkan tədbiri də aprelin əvvəlinədək uzadıldı, araşdırmaçı jurnalistlərin məhkəmələri ilə davam etdi. "AbzasMedia" jurnalistləri məhkəməyə Dövlət Gömrük Komitəsi (DGK) sədrinin çağrılmasını tələb etdilər. Nəşrin baş redaktoru Sevinc Vaqifqızı deyir ki, qaçaqmalçılıqda ittiham olunan jurnalistlər illərlə ölkəyə qanunsuz yolla pul keçiriblərsə, onda DGK sədri Şahin Bağırov hara baxıb?

Ötən ilin son günləri diqqət çəkən daha bir olay parlamentdə prezidentə yalnız məhkumları deyil, istintaq altında olan şəxsləri də əfv etmək səlahiyyətinin verilməsi ilə bağlı təşəbbüsün səslənməsi oldu. AzadlıqRadiosuna danışan hüquq müdafiəçisi bu təklifin məhz həbs olunmuş jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələrinə görə verildiyini düşünür.

XS
SM
MD
LG