Keçid linkləri

2025, 07 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 02:52

Rusiyadan getməyə məcbur qalan ortaasiyalı miqrantlar yeni problemlər də tapırlar


Sanat Jusipbek
Sanat Jusipbek

Öz ölkələrində iş tapa bilməyən ortaasiyalı milyonlarca insan çıxış yolunu uzun illər Rusiyaya üz tutmaqda tapıb. Ancaq iqtisadi yavaşıma və miqrantlara qarşı çoxalan hücumlar sonuncuları onları Şərqi Asiya və Qərbdə iş axtarmaq barədə düşünməyə məcbur edir.

Rusiya ilə müqayisədə bu məkanlarda qazanc daha çox olsa da, miqrantlar yeni maneələrlə üzləşirlər. Bunların arasında bir yerdən digərinə köçməklə və ya xarici dil və mədəni fərqlilikləri bilməklə bağlı maneələr var.

Qazaxıstandan Cənubi Koreyaya köçən Sanat Jusipbek daha gəlirli iş axtarışındadır. Di gəl, bu ölkədə yaşanan siyasi böhran və iqtisadi inkişaf tempinin azalması onun qazancına mənfi təsir göstərib.

"Müştərilər daha az sifariş edir, maaşlar azalıb, miqrantlara qarşı polis basqınlarının sayı artıb", - paytaxt Seul civarlarında yük daşıyan Jusipbek belə deyir.

33 yaşlı Sanat xərclərini qarşılamaq üçün qanunsuz şəkildə bir fabrikdə əlavə işə düzəlib.

Çətinliklərə baxmayaraq, onun ölkəsinə qayıtmaq fikri yoxdur. Qazaxıstanda 2024-cü ilin ikinci yarısında zəif iqtisadi inkişaf templəri fonunda milli pul vahidi dollara nisbətdə 10 faiz dəyər itirib.

Getdikcə sərtləşən qaydalar və çoxalan dələduzluq

Onillər boyunca Rusiya Mərkəzi Asiyadan olan miqrantlardan ötrü əsas iş yeri olub. Həmin ölkələrdəki zəif iqtisadi durum tez artan gənc nəslin işə tələbatını təmin edə bilmirdi.

Ancaq çoxalan qorxu və iqtisadi bəlirsizlik üzündən Rusiya Mərkəzi Asiyadan olan miqrantların gözündə cazibəsini itirməkdədir.

Rusiya 2022-ci ildə Ukraynada başlatdığı tammiqyaslı savaş ucbatından beynəlxalq sanksiyalarla üzləşib. Bu, Rusiya iqtisadiyyatına zərbə endirib və rublu dəyərsizləşdirib.

Moskva yaxınlığındakı konsert zalında baş verən terror aktında 140-dək insanın həlak olmasından sonra Rusiya on minlərlə ortaasiyalı miqrantı ya ölkədən deportasiya edib, ya da Rusiyaya girişini yasaqlayıb.

Özbəkistanlı əmək miqrantının rusiyalı generalı qətlə yetirməkdə suçlanması Rusiyada yaşayan mərkəzi asiyalı miqrantlar arasında yeni qorxu və təlaş hissi doğurub.

Bəziləri deportasiyadan qorxaraq necə dolanacağından xəbərsiz, könüllü şəkildə Rusiyanı tərk etməyə qərar verir.

Rusiya polisi Novosibirskdə "Vostok" ticarət mərkəzində miqrantların sənədlərini yoxlayır.
Rusiya polisi Novosibirskdə "Vostok" ticarət mərkəzində miqrantların sənədlərini yoxlayır.

Daha çox ortaasiyalı çörəkpulu qazanmaq üçün dillərdə gəzən ölkəyə - Cənubi Koreyaya üz tutur. Rəsmi Seul qəbul etdiyi əcnəbi işçilərin sayını son illər artırıb.

Özbəkistan Mərkəzi Bankının bilgilərinə görə, Cənubi Koreyada çalışan özbəkistanlıların pul köçürmələri 70 faiz artıb və 2024-cü ilin ilk 10 ayında toplam miqdar 450 milyon dolları ötüb.

Rusiyadan göndərilən pul köçürmələri toplam həcmin 78 faizinə enərək 12.6 milyard dollar olub. Özbəkistan Miqrasiya Xidmətinin bilgisinə görə, hazırda Cənubi Koreyada 100 minədək özbəkistanlı çalışır.

Xidmət dekabrda vətəndaşlarına xəbərdarlıq edib ki, Cənubi Koreyanın ölkə üçün müəyyənləşdirdiyi əcnəbi işçi kvotası indi qanunsuz əsaslarla orada işləyib yaşayan 9 minədək özbəkistanlı üzündən ciddi təhlükəylə üzləşə bilər.

Bu arada, Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev dekabrın 30-da bildirib ki, 350 minədək qırğızıstanlı Rusiyada işləmək üçün qeydiyyatdan keçib. 2023-cü ildə bu rəqəm 600 min adam olub.

Qərb ölkələrinə üz tutan mərkəzi asiyalıların da sayı çoxalır

Ancaq bu meyldə dələduzluq da gözə çarpır. Avropa İttifaqı və ABŞ-da vəd olunan işə görə miqrantlardan böyük məbləğdə pul tələb edilir.

Buxara sakini Baxodir oktyabrda belə bir dələduzluğun qurbanına çevrilib. O, Facebook-da Çexiyada ayda 3 min 500 dollar maaş veriləcək avtobus sürücüsünə aid iş elanına rast gəlib. Vakansiyaya maraq göstərəndən sonra özünü "Czech Power Consulting" şirkətinin əməkdaşı kimi tanıdan Elina Borzikova viza və sığorta üçün ondan ilkin ödəniş istəyib. Bunun adi bir təcrübə olduğunu bildirən qadın Baxodiri inandırıb ki, o, işə başlayandan sonra pullarını geri alacaq. Di gəl, pulu köçürəndən sonra Baxodir onun haqqında daha heç nə eşitməyib. Çexiya polisi və Özbəkistandakı Çexiya səfirliyinə müraciət etsə də, ödədiyi 1000 avronun geri qaytarılması çox uzaq xəyal kimi görünür.

Doston Mustafoyev
Doston Mustafoyev

Daha bir özbəkistanlı Doston Mustafoyev iki dələduz tərəfindən aldadılaraq 20 min dollar itirib. Onlardan biri onun uzaq qohumu olub. O, Dostona ABŞ-yə getmək üçün işçi vizası təşkil etməyə və işə düzəltməyə söz veribmiş. Doston hər ikisiylə Səmərqənddə görüşərək tələb olunan məbləği onlara verib. Ancaq o gündən bəri Doston nə onları, nə də pullarını görüb.

"Türkiyədə işləyirdim. Ayda 700-800 dollar qazanırdım. [Mənə dedilər ki], Türkiyədə 10 ilə qazandığımı Amerikada bir ilə qazana biləcəyəm", - Mustafoyevin sözləridir.

Yazını AzadlıqRadiosunun əməkdaşı Kris Riklton, AzadlıqRadiosunun özbək xidməti və AzadlıqRadiosunun Orta Asiya Miqrant Bölümü hazırlayıb.

XS
SM
MD
LG