Ukrayna ərazisiylə Rusiyadan Avropaya axıdılan təbii qaz tədarükünə son qoyulması Rusiya prezidenti Vladimir Putinin önəmli məğlubiyyətidir. Ukrayna başçısı Volodimir Zelenski X sosial şəbəkəsindəki paylaşımında belə deyib və ardınca söyləyib: "Putin 25 il öncə hakimiyyətə gələrkən Rusiya Avropaya 130 milyard kubmetrdən çox qaz göndərirdi. İndi bu, sıfıra bərabərdir. Enerji təchizatını silaha çevirəndən və tərəfdaşlarını şantaj edəndən bəri Moskva ən gəlirli və coğrafi baxımdan əlçatan bazarlarından birini itirdi".
Qaz tranziti haqqından imtina Ukraynaya ildə 800 milyon dollara başa gələcək. Rusiya isə ildə 5 milyard dollarlıq satışlardan məhrum olacaq.
Avropa ölkələrinin çoxu dəyişikliklərə uyğunlaşsa da, Ukrayna prezidentin fikrincə, yaranmış durumda ölkəsi və müttəfiqləri Rusiya qazından hələ də qismən asılı Moldovanı dəstəkləməlidir. Zelenski ümid edib ki, ABŞ Avropaya qaz tədarükünü artıracaq: "Avropanın gerçək tərəfdaşlarından bazara nə qədər çox qaz gəlsə, Rusiyadan asılılığın son fəsadları bir o qədər tez aradan qalxacaq".
Ukrayna qaz tranzitiylə bağlı müqaviləni uzatmaqdan imtina edəndən sonra Rusiyanın "Qazprom" şirkəti qazın nəqlini dayandırıb. Bunun Rusiya qazından asılılığını illərdir azaldan bir çox Avropa ölkəsi üçün hər hansı fəsada yol açmayacağı deyilir.
Slovakiya, Macarıstan, Avstriya və bir neçə Balkan ölkəsi, nisbətən az həcmlərdə olsa da, Rusiya qazını almağa davam edirdi.
Moldova fövqəladə vəziyyət elan edib
Ancaq Moldova ərazisindəki və Rusiya qazıyla işləyən böyük elektrik stansiyası riskli durumda qalıb. Rusiya-Ukrayna müqaviləsinin müddəti bitdiyindən ötən ay ölkə rəhbərliyi fövqəladə vəziyyət elan edib.
Dnestryanı Regional Elektrik Stansiyası xəstəxanaları saxlasa da, yaşayış evləri və inzibati binaların mərkəzi istilik sistemini və isti su təchizatını dayandırıb.
Bölgə sakinlərinə odun və kömür almağa, meşələrdən ağac kötüklərini, qurumuş budaqları şəxsi istifadə üçün yığmağa icazə verilib.
Hələlik, sakinlər elektrik stansiyasından gələn enerjidən yararlanırlar. Ancaq bunun nə qədər sürəcəyi bilinmir. Separatçı bölgənin başçıları deyirlər ki, kömür tədarükündən asılı olaraq, müəssisə hələ 50 günədək işləyə biləcək. Rəsmi Kişinyovun bilgisinə görə, bu müddət 20 günü keçməyəcək.
Sovet dönəminin qaz borusu
Ukrayna Energetika Nazirliyi qaz nəqlinin dayandırılmasını milli güvənlik səbəbləriylə əlaqələndirərək beynəlxalq tərəfdaşlarını xəbərdar edib.
"Rusiyadan gələn qaz tranzitinin dayandırılması tarixi olaydır. Rusiya satış bazarlarını itirdiyindən maliyyə itkiləriylə üzləşəcək", - Ukraynanın energetika naziri German Qaluşenko belə deyib.
2022-ci ildə "Şimal axını" qaz borusu dağılandan sonra Sibirdən Ukrayna ərazisiylə Avropaya təbii qazı nəql edən boru Rusiyanın sonuncu böyük kəməri idi.
Belarus üzərindən Polşaya "Yamal-Avropa" xəttiylə nəql edilən qazın təchizatı hələ 2022-ci ildə, Ukraynada savaş başlanandan sonra dayandırılmışdı.
Bir çox avropalı istehlakçı artıq ABŞ, Qətər və Norveçdən mayeləşdirilmiş təbii qaz alır.
Macarıstan və digər ölkələr Qara dənizin dibiylə çəkilən "Türk axını" xəttindən Rusiya qazı almağa davam edir.
Fitsonun səfəri
Slovakiyanın baş naziri Robert Fitso ölkəsinin qaz qıtlığıyla üzləşəcəyini gözləmirdi. Bildirilir ki, alternativ qazın alınması Slovakiya üçün əlavə 177 milyon avroya başa gələcək.
Fitso qaz təchizatı kəsiləndən bir neçə saat sonra bu addımın Rusiya üçün yox, Avropa İttifaqı (Aİ) üzvləri üçün "dramatik" nəticələrə yol açacağını bildirib.
Ölkəsinin bundan əziyyət çəkmək istəmədiyini deyən Fitso Aİ və Rusiya ilə "ikivektorlu" xarici siyasəti sürdürəcəyini və başqaların daxili işlərinə müdaxilə etməyəcəyini söyləyib.
Fitsonun adını çəkməyən Zelenski bəzi Avropa siyasətçilərinin Moskva ilə mafiya əlaqələrinə üstünlük verdiyinə eyham vurub. Slovakiya rəhbərinin Moskvaya son səfərindən qəzəblənən Zelenksi deyib ki, baş nazirin Ukraynanı qış aylarında fövqəladə enerji təchizatından ayıracağıyla bağlı hədə-qorxusu "Kremlin əmridir".