Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 00:08

Təyyarə qəzası, Azərbaycanın şərtləri - Rusiya ilə münasibətlər korlanırmı?


İlham Əliyev və Vladimir Putin Bakıda danışıqlardan sonra avtomobildə gəzərkən.
İlham Əliyev və Vladimir Putin Bakıda danışıqlardan sonra avtomobildə gəzərkən.

Prezident İlham Əliyev dekabrın 29-da ondan dörd gün əvvəl Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Televiziyasına (AZ TV) müsahibə verdi. Prezident dedi ki, Azərbaycan tərəfi öz tələblərini açıq şəkildə Rusiya tərəfinə bildirib: "Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir".

Dövlət başçısı qeyd edib ki, şərtlərdən birincisi artıq dekabrın 28-də təmin olunub: "Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək".

Bəs digər şərtlər qəbul ediləndirmi? Edilən deyilsə, bu iki ölkənin müttəfiqlik münasibətlərinə necə təsir edəcək? Hələlik, Rusiya tərəfi növbəti şərtləri yerinə yetirməyib və bununla bağlı hər hansı açıqlama verməyiblər.

Elman Nəsirov
Elman Nəsirov

"Yarımçıq davranış bizə lazım deyil"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) Milli Məclisin deputatı Elman Nəsirovun "Turan"a deməsinə görə, təyyarə qəzasından sonra əsas məsələ o idi ki, bunu kim edib və motiv nədir: "Bu məsələlər aydınlaşdırıldı. Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti cənab İlham Əliyevə telefon açıb üzrxahlıq etməsi onu göstərir ki, Rusiya bu faciəyə öz hava hücumundan müdafiə sistemlərinin və onlara rəhbərlik edən şəxslərin səbəb olduğunu birmənalı qəbul edir".

Deputatın sözlərinə görə, indi qalır Azərbaycanın tələblərinin bir-bir yerinə yetirilməsi: "Üzrxahlıqla bağlı tələb artıq yerinə yetirildi. İndi cinayətkarlar cəzalandırılmalıdır və beynəlxalq praktikaya uyğun, cinayəti törətmiş tərəf kompensasiya ödəməlidir. Rusiya tərəfi üzrxahlıq edibsə, deməli, ardınca növbəti addımlar gəlir".

E.Nəsirov xatırladır görə, artıq istintaq komissiyası formalaşıb və Rusiyada bununla bağlı cinayət işi açılıb: "İndi istintaq prosesi getməkdədir. İstintaqın nəticəsi olaraq onlar günahkarları adı, soyadı ilə üzə çıxarmalıdır. Onların bu qərarlarını şərtləndirən səbəb üzə çıxarılmalıdır. Yəni, onlar nədən Azərbaycan-Rusiya strateji tərəfdaşlıq rejiminə daban-daban zidd olan, münasibətləri qırılma nöqtəsinə qədər gətirə biləcək bir cinayətə imza atıblar".

O vurğulayıb ki, sözügedən şərtlər yerinə yetiriləndən sonra iki ölkə arasında münasibətlərin əvvəlki səviyyəsini qoruyub saxlamaq olar: "Yarımçıq davranış bizə lazım deyil. Rusiya prezidentinin üzrxahlığı ardınca digər şərtlər yerinə yetirilməsə, bu, yarımçıq hərəkət olacaq və bu, münasibətlərimizdə gərginliyi qoruyub saxlayacaq".

E.Nəsirovun fikrincə, bu, qətiyyən Rusiyaya lazım deyil: "Bu gün Rusiya, demək olar ki, 50-dən çox dövlətlə Ukrayna cəbhəsində müharibə vəziyyətindədir, sanksiyalar altında olan dövlətdir. Bu vəziyyətdə Azərbaycan Rusiya ilə yaxın qonşuluq münasibətlərə sadiqdir. Belə olan halda, Azərbaycanla münasibətləri korlamağa dəyərmi? Qətiyyən, yox. Hesab edirəm ki, Vladimir Putin də reallığının fərqindədir və bunun ardınca növbəti addımları atmalıdır".

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

"Azərbaycan prezidenti telefon danışığından məmnun qalmayıb"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AzadlıqRadiosuna xatırladıb ki, prezident İ.Əliyev AzTV-yə müsahibəsini V.Putinin zəngindən bir gün sonra verdi: "Məndə belə bir təəssürat yarandı ki, Azərbaycan prezidenti bu telefon danışığından məmnun qalmayıb. Düzdür, prezident birinci məsələnin - üzrxahlığının həll olunduğunu dedi, amma digər məqam da var. Rusiya prezidenti telefonda "sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə" ilə bağlı üzrxahlıq edib. Amma bu, tam üzrxahlıq da deyil".

Ekspert qeyd edib ki, ikinci mərhələdə günahkarların cəzalandırılması və kompensasiya məsələsi var: "Rusiya bunu da haradasa edə bilər, amma edəcəkmi? Bu, yəqin ki, zaman ala bilər. Necə ki, əvvəlcə saxta dəlillərlə sübut etmək istəyirdilər ki, oksigen balonu partlayıb, təyyarə quş sürüsü ilə toqquşub, indi də vaxt uzada bilərlər. Halbuki, dərhal etiraf etsəydilər, vəziyyət bu qədər gərginləşməzdi".

E.Şahinoğlunun sözlərinə görə, bu hadisədən çıxan nəticə ondan ibarətdir ki, bu, Rusiya-Azərbaycan münasibətlərinə böyük zərbə oldu: "Rusiyada Ukraynadakı müharibəni dəstəkləyən bloqerlər var, onlar dünəndən, dekabrın 29-dan Azərbaycan prezidentinin ünvanına sərt ifadələr işlədirlər. Bu o deməkdir ki, Rusiya cəmiyyəti, siyasi elitası vurulan təyyarəyə görə məsuliyyətini götürmək istəmirlər. Bu, həm də onunla bağlı ola bilər ki, bunu etiraf etsələr, 2014-cü ildə Donbas separatçılarının Niderland-Malayziya təyyarəsinin vurduqlarını da etiraf etmiş olacağını düşünürlər".

Xatırlatma

Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL təyyarəsi Aktauda qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Prezident İ.Əliyev deyib ki, sərnişin təyyarəsi Rusiyanın hava məkanında kənar fiziki-texniki müdaxiləyə məruz qalıb, idarəetməni tam itirib, Qazaxıstanın Aktau şəhərinə yönləndirilib və yalnız pilotların şücaəti, peşəkarlığı sayəsində qəza enişi edə bilib.

XS
SM
MD
LG