Bakıda casusluqda suçlanaraq bir ildən çoxdur həbsdə saxlanılan Fransa vətəndaşı, "Mercorama LC" şirkətinin baş direktoru Martin Rayan özünü qismən təqsirli bilir. O, yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində ittihama münasibət bildirərkən belə deyib.
M.Rayan ittihamda göstərilən addımları casusluq məqsədiylə törətmədiyini vurğulayıb: "Məhkəmənin gedişində də bunu sübut etməyə hazıram, faktlarım var".
M.Rayan azərbaycanlı Azad Məmmədli ilə birlikdə mühakimə olunur. Əcnəbidən fərqli olaraq, ona dövlətə xəyanət ittihamı verilib.
Prokuror yanvarın 6-dakı məhkəmə iclasında onların hər ikisi haqqında ittihamın içərliyini açıqlayıb. Cinayət işinin materiallarında iddia olunur ki, Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin bu ölkənin Bakıdakı səfirliyində çalışan əməkdaşları 2021-ci ildə M.Rayanı məxfi əməkdaşlığa cəlb ediblər. Ona Fransada təhsil almış, bu dili bilən azərbaycanlıları tapmaq, Azərbaycanın bir çox başqa dövlətlə münasibətləri barədə bilgi toplamaq tapşırılıb. M.Rayan da öz növbəsində A.Məmmədlini tapıb, onu Fransanın Bakıdakı səfirliyində çalışan xüsusi xidmət orqanlarının əməkdaşlarıyla görüşdürüb. Ona verilən tapşırıqlardan biri də bu olub ki, Azərbaycanla Ermənistan arasında sülhlə bağlı təbliğat aparsın, Rusiyanınsa bu münaqişənin sürməsində maraqlı olması fikri yaradılsın.
Azərbaycan vətəndaşı özünü təqsirli bilmir
İttihama görə, bu əməkdaşlıq qarşılığında A.Məmmədliyə Avropada yaxşı şəraitdə yaşamaq vədi verilib.
Prokuror Ziya Mansurov ittiham aktını elan edəndən sonra A.Məmmədli deyib ki, orada ünvanına səslənən fikirləri qəbul etmir. O özünü təqsirli bilmədiyini söyləyib.
M.Rayanın ittiham olunduğu Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsində 10 ildən 15 ilədək, A.Məmmədliyə ittiham verilən 274-cü (dövlətə xəyanət) maddəsində isə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
A.Məmmədli Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq fakültəsini bitirib. O, magistr təhsilini Fransada alıb. 2019-2023-cü illərdə Beynəlxalq Bankda hüquqşünas çalışıb, daha sonra Böyük Britaniyaya gedib və bir il orada yaşayıb. 2024-cü ildə Azərbaycana qayıdandan az sonra həbs olunub.
Onların məhkəməsi fevralın 19-da dindirmələrlə davam edəcək.
Məhkəmə prosesinin gedişini xarici ölkələrin Bakıdakı səfirliklərinin əməkdaşları da izləyirlər.
Bu cinayət işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılıb. Təqsirləndirilənlər bu qurumun istintaq təcridxanasında saxlanılır.
Xatırlatma
M.Rayanın 2023-cü il dekabrın 4-dəki həbsindən bir qədər sonra (dekabrın 26-da) rəsmi Bakı iki nəfər fransalı diplomatı "diplomatik statuslarına uyğun olmayan hərəkətlər etməkdə" suçlayaraq ölkədən çıxarıb. Ardından Fransa Xarici İşlər Nazirliyi də Azərbaycana eyni tərzdə cavab verib – Parisdəki səfirliyin iki diplomatı "persona non grata" elan edilib.
2024-cü ilin yanvarında Fransa Xarici İşlər Nazirliyi bəyanat yayaraq M.Rayanın həbsini özbaşınalıq saydığını vurğulayıb. Bu da bildirilib ki, Fransanın Bakıdakı səfirliyi konsulluq mühafizəsi çərçivəsində ona baş çəkib.
Azərbaycan M.Rayanın əsassız həbsi barədə deyilənləri qəbul etmir.
"Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir", - Azərbaycan Xarici İşlər Nazirliyi qarşı tərəfin bəyanatına belə cavab verib.
Bakıda həbsdə M.Rayandan başqa Teo Klerk Hüqo adlı daha bir Fransa vətəndaşı var. Qrafiti rəssamı olan və Bakıda iki dostu ilə birgə metro vaqonunun üstünə boya ilə rəsm çəkdiyinə görə həbs edilən T.Klerkə 3 il həbs cəzası kəsilib. 2024-cü ilin martında Yeni Zelandiya və Avstraliyadan olan dostlarıyla Bakıya gələn və birlikdə saxlanılan T.Klerkin yoldaşlarına alternativ cəza verilsə də, özü həbs edilib.
Ardından sentyabrın 4-də Fransa Xarici İşlər Nazirliyi bəyanat yayaraq öz vətəndaşlarını, o sıradan ikili vətəndaşlığı olanları Azərbaycana səfərdən çəkinməyə çağırıb: "Fransa vətəndaşları, o cümlədən ikili vətəndaşlığı olanlar, yaşayanlar və ya tranzit gedənlər Azərbaycanda həbs, özbaşına saxlanma və ədalətsiz məhkəmə çəkişməsi riski altındadır. Bu risklə turist və ya işgüzar səfər edənlər də üzləşə bilər. Həbs və ya saxlanma halında əsas hüquqlara hörmət olunmur".
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bu çağırışın əsassız olduğunu bəyan edib: "Fransanın belə əsassız, qərəzli qərarı və bəyanatı bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir. Fransa vətəndaşlarının əsassız saxlanması və həbs edilməsiylə bağlı iddiaların heç bir əsası yoxdur".